Misirdə xüsusi karantin rejimi tətbiq olunub

Misirdə xüsusi karantin rejimi tətbiq olunub

Misirin Baş Naziri Mustafa Madbuli koronavirs pandemiyası ilə əlaqədar martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğunu elan edib. Hökumət başçısı saat 19:00-dan 06:00-dək küçəyə çıxmaq qadağasının 15 gün davam edəcəyini bildirib.

Baş Nazir qeyd edib ki, xüsusi karantin rejimi saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılacaq, bütün mağazalar bağlanacaq. Eyni zamanda, ölkədə istirahət günləri olan cümə və şənbə günlərində supermarketlər, ərzaq dükanları və apteklər istisna olmaqla, digər obyektlər, o cümlədən restoran və kafelər, əyləncə məkanları, idman zalları da işləməyəcək.

Martın 15-dən dərslərə fasilə verən məktəblər və universitetlər daha 15 gün ərzində fəaliyyət göstərməyəcək. Baş Nazir koronavirusa qarşı mübarizə tədbirləri üçün Səhiyyə Nazirliyinə 1 milyard Misir funtu əlavə vəsait ayrıldığını da bildirib. O qeyd edib ki, hökumətin hədəfi virusa yoluxma hallarının min nəfərə çatmamasıdır.

Xatırladaq ki, Misirdə koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb. Bu ölkədə 366 yoluxma halı qeydə alınıb.

Azərbaycanın Misirdəki səfirliyi də bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edərək, onları karantin qaydalarına riyaət etməyə, hər hansı çətinliklə üzləşdikdə səfirliyin “qaynar xətt”inə zəng etməyə çağırıb.