Koronavirusa bütün yoluxma hallarının yarısı DST-nin Avropa regionundakı ölkələrin payına düşür

Koronavirusa bütün yoluxma hallarının yarısı DST-nin Avropa regionundakı ölkələrin payına düşür

Koronavirusa bütün yoluxma hallarının yarısı Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regionundakı ölkələrin payına düşür. Əgər COVID-19 Avropanın şərqində sürətlə yayılırsa, müəyyən bölgələrində onun inkişafı yavaşıyıb. Lakin bu müsbət dinamikaya baxmayaraq, DST arxayınlaşmamağa və sayıqlığı ititməməyə çağırır.

Xbr.az BMT-nin saytına istinadla xəbər verir ki, Avropa regionunda COVID-19 virusuna yeni yoluxma hallarının sayı ötən həftə dörddəbir dəfədən çox, ölənlərin sayı üçdəbir dəfə artıb. Şərqi Avropa ölkələrində - Rusiya, Türkiyə, Ukrayna, Belarus, habelə Özbəkistanda koronavirusa yoluxma sürəti artır. "Gəlin özümüzü aldatmayaq: biz hələ də koronavirus burulğanının içindəyik və oradan tezliklə çıxa bilməyəcəyik", - deyə DST-nin Avropa Bürosunun direktoru Hans Krügge bildirib.

İspaniyaya səfər etmiş DST nümayəndə heyətinin (bu, DST ekspertlərinin pandemiyadan xüsusilə ziyan çəkmiş bu ölkəyə artıq ikinci səfəridir) məlumatına görə, orada COVID-19 virusuna yeni yoluxma hallarının sayı azalır. Doktor Krügge qeyd edib ki, görülmüş tədbirlər, o cümlədən test aparma miqyasının genişləndirilməsi, intensiv terapiya bölmələrinin sayının artırılması və sosial məsafəyə riayət edilməsi nəticəsində ölkə daha əvvəl tətbiq etdiyi qadağaları tədricən aradan qaldırır.

Bununla belə, DST nümayəndəsi qoruyucu tədbirlərin düşünülməmiş və tələsik aradan qaldırılmasından çəkindirib və ehtiyatlı olmağa çağırıb. Doktor Krügge xəbərdarılıq edərək deyib: "Bu gün özümüzü arxayınlaşdırmağımız ən dəhşətli düşmənimiz ola bilər. Biz təhlükədən uzağıq illüziyasına artıq qapıla bilmərik. O vurğulayıb ki, cəmiyyətdə toplanmış gərginliyi azaltmaq və insanların qarşılıqlı əlaqələrini məhdudlaşdıran tədbirləri yumşaltmaq qərarını qəbul edərkən belə addımların mümkün nəticələrini əsaslı şəkildə düşünməli və potensial təhlükəni vətəndaşlara izah etməliyik. Krügge deyib: "Məsələ bunda deyil ki, yeni ocaq yaranacaqmı? Məsələ bundadır ki, bu günün əsas ibrət dərslərindən nəticə çıxara biləcəyikmi, yeni dalğaya, özü də ən pis ssenariyə hazırlaşmaq üçün epidemiyalar arasındakı fasilədən faydalanmağı bacaracağıqmı?".

DST nümayəndəsi vurğulayıb: "Norma"ya – "yeni norma"ya hər hansı qayıdış cəhdi risklərin əsaslı şəkildə dəyərləndirilməsinə əsaslanmalı, mərhələli şəkildə həyata keçirilməli və bu zaman Dünya Səhiyyə Təşkilatının üzvü olan dövlətlərə bir həftə əvvəl təqdim edilmiş tövsiyələr nəzərə alınmalıdır. Mən ölkələri virusa qarşı artıq öz səmərəliliyini təsdiq etmiş mübarizə strategiyalarından – üzəçıxarma, təcrid, test, əlaqələri izləmə və karantin tədbirlərindən geri çəkilməməyə və bu addımların nə dərəcədə səmərəli olduğunu daim izləməyə çağırıram. O əlavə edib ki, DST ekspertləri Tacikistan və Türkmənistan hökumətlərinin COVID-19 virusuna qarşı fəaliyyətini qiymətləndirmək və virusun öhdəsindən gəlmələrinə kömək etmək üçün gələn həftə həmin ölkələrə yollanacaqlar. Ekspertlər qrupu bu yaxınlarda Belarusda olub və tövsiyələrini hökumətə təqdim ediblər.

Hibya Xəbər Agentliyi